izmedia.az xəbər verir ki, Hindistanda aprel ayında bir neçə ştat və ittifaq ərazisində keçirilən qanunverici orqan seçkilərinin səslərinin sayımı tamamlanıb. Nəticələrə görə, hakim “Bharatiya Janata Partisi” (BJP) bir sıra mühüm bölgələrdə qələbə qazanıb.
Ən diqqətçəkən nəticə Qərbi Benqalda qeydə alınıb. Baş nazir Narendra Modinin tərəfdarları 294 mandatdan 207-sini əldə edərək 15 illik yerli “Trinamool Congress” hakimiyyətinə son qoyublar. Rəqib partiya isə cəmi 80 yer qazana bilib.
Hindistanın cənubundakı Kerala ştatında da siyasi dəyişikliklər baş verib. Sol qüvvələr ciddi məğlubiyyətə uğrayaraq 140 yerdən 102-ni “Birləşmiş Demokratik Cəbhə”yə uduzublar. BJP burada 3 mandat qazanaraq ən yaxşı nəticəsini göstərib.
Tamilnad ştatında isə yeni siyasi qüvvə olan “Tamizhaga Vetri Kazhagam” (TVK) böyük uğur əldə edərək 234 yerdən 108-ni qazanıb. Hakim ittifaq isə yalnız 59 mandatla kifayətlənib. İttifaqın lideri M. K. Stalin öz dairəsində 35 ildən sonra ilk dəfə məğlub olub.
Ekspertlər bildirirlər ki, BJP-nin Qərbi Benqaldakı qələbəsi seçicilərin yerli hakimiyyətlərdən narazılığı və Narendra Modinin nüfuzunun artması ilə bağlıdır. Bu nəticələr partiyanın ölkə daxilində mövqelərinin gücləndiyini göstərir.
![]()
