PUTİN ROSTOV-NA-DONUDA HAVA İDARƏETMƏ MƏRKƏZİNƏ EDİLƏN HÜCUMU TERROR AKTI ADLANDIRIB

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rostov-na-Donu şəhərində yerləşən hava hərəkətinin idarə olunması mərkəzinə edilən zərbəni terror aktı kimi qiymətləndirib. Bu barədə o, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən iclas zamanı bildirib.

Putinin sözlərinə görə, hücum səhər saatlarında həyata keçirilib və mülki aviasiyanın təhlükəsizliyinə risk yarada bilərdi. Prezident qeyd edib ki, ağır nəticələrin qarşısı hava dispetçerlərinin operativ fəaliyyəti sayəsində alınıb və fövqəladə vəziyyət şəraitində hava hərəkətinin idarə olunması sistemi sabit saxlanılıb.

Baş nazirin müavini Vitali Savelyev iclas zamanı bildirib ki, hava hərəkətinin idarə olunması müvəqqəti olaraq aerodrom dispetçer mərkəzləri vasitəsilə həyata keçirilib. Onun qiymətləndirməsinə görə, ölkənin cənubunda aviaəlaqənin tam bərpası 2–3 gün çəkə bilər.

Savelyev həmçinin qeyd edib ki, Rostov-na-Donudakı hava hərəkətinin idarə olunması mərkəzi binasına üç zərbə endirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin maddi ziyanın miqyası mütəxəssislər tərəfindən qiymətləndirilir.

Hadisədən sonra Astraxan, Volqoqrad, Vladiqafqaz, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista hava limanlarının işi müvəqqəti dayandırılıb. Məhdudiyyətlər uçuş təhlükəsizliyinin təmin olunması və hava nəqliyyatı sisteminin sabitləşdirilməsi məqsədilə tətbiq edilib.

Daha əvvəl Kremlin nümayəndələri “Der Spiegel” nəşrinin media akkreditasiyasının ləğvi ilə bağlı iddialarını təkzib etmişdilər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş