Çin Xalq Respublikasının Milli İnsanlı Kosmik Uçuş Proqramı Administrasiyası “Tianzhou-10” yük kosmik gəmisinin uğurla “Tiangong” milli orbital stansiyasına göndərildiyini açıqlayıb.
![]()
“Long March-7” daşıyıcı raketi Vençan Kosmik Mərkəzindən yerli vaxtla saat 08:14-də buraxılıb. Təxminən 10 dəqiqə sonra kosmik gəmi raketdən ayrılaraq nəzərdə tutulan orbitə daxil olub. Bildirilir ki, gəminin günəş panelləri normal şəkildə açılıb və sistemlər stabil işləyir. “Tianzhou-10”-un yaxın günlərdə “Tiangong” stansiyası ilə birləşməsi planlaşdırılır.
Kosmik gəmi orbitə yanacaq, qida, elmi təcrübələr üçün avadanlıq və kosmosda istifadə üçün yeni skafandr daşıyır.
Çinin “Tiangong” orbital stansiyasının qurulmasına 29 aprel 2021-ci ildə “Tianhe” əsas modulunun orbitə çıxarılması ilə başlanılıb. Stansiyanın əsas konfiqurasiyasının yığılması 3 noyabr 2022-ci ildə tamamlanıb.
Hazırda “Tiangong” T-şəkilli quruluşa malikdir və “Tianhe” əsas modulundan, eləcə də “Wentian” və “Mengtian” laboratoriya modullarından ibarətdir. Stansiyanın ümumi kütləsi təxminən 69 ton, yaşayış həcmi isə 110 kubmetrə yaxındır.
Kompleks eyni vaxtda üç astronavtı qəbul edə bilir, heyət dəyişimi zamanı isə bu say altıya qədər yüksələ bilər. Stansiyanın nəzərdə tutulan xidmət müddəti təxminən 15 il, yəni 2038-ci ilə qədərdir.
İzmedia.az
![]()
Sign in to your account