izmedia.az xəbər verir ki, Almaniyanın Baden-Vürtemberq əyalətində yerləşən Hokkenhaym şəhəri üzərində havada motoplaner ilə yüngülmühərrikli təyyarə toqquşub. Hadisə təxminən 800 metr yüksəklikdə baş versə də, xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Məlumata görə, insident mayın 10-da gündüz saatlarında qeydə alınıb. Yerli polis və “Badische Zeitung” nəşrinin məlumatına əsasən, hər iki pilot, eləcə də sərnişin sağ qalıb və heç bir xəsarət almayıb.
Hadisə nəticəsində hər iki uçuş aparatı zədələnsə də, pilotlar soyuqqanlı davranaraq təyyarələri idarə altında saxlaya biliblər. Onlar fövqəladə eniş etmədən uçuş aparatlarını aerodromlara çatdırmağa nail olublar.
Pilotlardan biri Hokkenhaymda, digəri isə şəhərdən 24 kilometr şimalda yerləşən Şpayyer şəhərində uğurla eniş edib.
Almaniya sosial şəbəkələrində bu hadisə artıq “əsl möcüzə” adlandırılır. Çünki belə yüksək sürətlə baş verən hava toqquşmaları çox nadir hallarda itkisiz başa çatır.
Hazırda hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallar arasında dispetçer xidməti səhvi və insan diqqətsizliyi göstərilir. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) də hadisə ilə bağlı Almaniyadan ətraflı hesabat tələb edib.
![]()
