İran hökuməti: Əsas məqsədimiz davamlı sülhə nail olmaqdır

1 Min Read
İslam Respublikası hökumətinin sözçüsü Fatimə Mühacərani bildirib ki, İranın əsas məqsədi davamlı sülhün təmin edilməsidir.

İranın SNN televiziya kanalının yaydığı məlumata görə, Mühacərani ölkəsinin uzun müddətdir ciddi hərbi təzyiqlərlə üzləşdiyini vurğulayıb.

“Biz 40 gündür dünyanın ən böyük hərbi güclərindən birinə qarşı mübarizə aparırıq. Hələ də tam hazırlıq vəziyyətindəyik, eyni zamanda danışıqlar prosesinin gələcək taleyinin necə olacağını gözləyirik. Əsas məqsədimiz davamlı sülhə nail olmaqdır”, – deyə o bildirib.

Məlumata görə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Aprelin 7-də isə ABŞ Prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik atəşkəs elan edib.

İran tərəfinin açıqlamasına əsasən, 40 gün davam edən hərbi qarşıdurma zamanı ABŞ və İsrailin hücumları nəticəsində 3375 İran vətəndaşı həlak olub.

Aprelin 11-də Tehran və Vaşinqton arasında Pakistanın paytaxtı İslamabadda danışıqlar keçirilib. Lakin tərəflər mövcud fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.

ABŞ Prezidenti Donald Tramp aprelin 21-də atəşkəs rejiminin uzadılmasını istədiyini bəyan edib. İran dövlət televiziyası isə Tehranın Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımayacağını və yalnız öz maraqlarına uyğun addımlar atacağını bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş