Suriya XİN rəhbəri: İsraillə sakit və sabit münasibətlər qurmaq istəyirik

2 Min Read

Suriya xarici işlər naziri Əsəd əl-Şeybani bildirib ki, rəsmi Dəməşq İsraildən gələn təhdidlərə baxmayaraq, bu ölkə ilə “sakit və sabit” münasibətlər qurmağa ümid edir.

O, BƏƏ-nin “The National” qəzetinə açıqlamasında qeyd edib ki, Suriya rəhbərliyi əsas diqqəti ölkənin yenidən qurulmasına və suriyalıların təhlükəsiz şəkildə geri qayıtmasına yönəltmək istəyir.

“Son il yarım ərzində İsraildən gələn təhdidlərlə üzləşmişik. İsraillə sakit və sabit münasibətlər qurmaq istəyirik, çünki Suriyanın bərpasına və suriyalıların qayıdışı üçün təhlükəsiz mühitin yaradılmasına fokuslanmaq niyyətindəyik”, – deyə nazir bildirib.

Əl-Şeybani əlavə edib ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda hələlik ciddi nəticələr əldə olunmasa da, Dəməşq İsraillə münasibətlərin normallaşdırılmasına ümid edir.

Suriya XİN rəhbəri həmçinin 1974-cü ildən etibarən iki ölkə sərhədində fəaliyyət göstərən BMT missiyasının tam şəkildə bərpasına çağırıb.

Bundan əvvəl Suriya Prezidenti Əhməd əl-Şara da İsraillə münasibətlərin normallaşdırılması və təhlükəsizlik sazişi üzrə danışıqların dayanmadığını, lakin çox çətin şəraitdə davam etdiyini bildirmişdi.

Əsəd əl-Şeybani fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı İsrailin hərbi əməliyyatlarının regionda sabitliyi pozduğunu qeyd edib. Onun sözlərinə görə, İsrailin Dəməşqə qarşı addımları sıradan hadisə kimi qiymətləndirilə bilməz.

Qeyd edək ki, 2025-ci ilin iyulunda Suriyanın Süveyda vilayətində Suriya silahlı qüvvələri ilə druz özünümüdafiə dəstələri arasında toqquşmalar baş vermişdi. İsrail bu qarşıdurmaya müdaxilə edərək Süveyda istiqamətində irəliləyən Suriya qüvvələrinə zərbələr endirmiş, həmçinin Dəməşqdə bir sıra strateji obyektləri hədəfə almışdı.

İzmedia.az 

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş