Kremlin sözçüsü Dmitri Peskov mayın 12-də bildirib ki, Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyat davam edir və onun dayandırılması Kiyev rəhbərliyinin atacağı addımlardan asılıdır.
Peskov brifinq zamanı qeyd edib ki, əməliyyatın dayandırılması üçün Ukrayna Prezidenti Vladimir Zelenskinin müəyyən qərarlar qəbul etməsi lazımdır.
“Xüsusi hərbi əməliyyat davam edir. Kiyev rejimi və Zelenski məsuliyyəti öz üzərinə götürüb lazımi qərarı verdikdən sonra bu proses istənilən vaxt dayandırıla bilər. Kiyev hansı qərarların qəbul edilməli olduğunu yaxşı bilir”, – deyə Kremlin sözçüsü bildirib.
O əlavə edib ki, Rusiya, ABŞ və Ukrayna arasında aparılan təmaslar çərçivəsində mövcud təcrübə və əldə olunan nəticələr əməliyyatın daha qısa müddətdə başa çatması ehtimalından danışmağa imkan verir. Bununla belə, Peskov hazırda konkret detalları açıqlamağın tez olduğunu vurğulayıb.
Kremlin nümayəndəsi həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Vladimir Zelenski ilə Moskvada və ya üçüncü bir ölkədə görüş keçirməyə hazır olduğunu ifadə edib.
“Lakin belə bir görüşün təşkili üçün hələ çoxlu hazırlıq işi görülməlidir”, – deyə Peskov əlavə edib.
İzmedia.az
![]()

