izmedia.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində məhkəmə qərarı ilə bağlı ciddi hüquqi səhv aşkar edilib. Məlumata görə, Rusiya vətəndaşı olan Elvira Madiyarovanın ekstradisiyası ilə bağlı qərarda yanlış beynəlxalq sazişə istinad olunub.
Vəkilin açıqlamasına əsasən, İstanbulun 11-ci Ağır Cəza Məhkəməsi qadının Rusiyaya verilməsi barədə qərar verərkən Türkiyə–Rusiya deyil, Türkiyə–ABŞ ekstradisiya sazişinə istinad edib.
Hüquq müdafiəçisi Candaş Gürol bu halı “ciddi hüquqi səhv” adlandıraraq qərarın yanlış əsasla qəbul edildiyini bildirib. Onun sözlərinə görə, məhkəmə düzgün beynəlxalq müqaviləni tətbiq etməli idi.
Qeyd edək ki, bu, Madiyarova ilə bağlı ilk qərar deyil. Daha əvvəl də oxşar qərar qəbul olunmuş, lakin Türkiyənin Ali Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etmişdi.
Məlumata görə, müdafiə tərəfi hazırkı qərardan da şikayət verib və işin yenidən Ali Məhkəmədə baxılması gözlənilir. Prosesin bir neçə ay çəkə biləcəyi bildirilir.
Elvira Madiyarova 2025-ci ilin fevralında İstanbul hava limanında saxlanılıb. O, Rusiyada böyük miqyaslı maliyyə fırıldağında iştirakda ittiham olunur.
![]()
