izmedia.az xəbər verir ki, Çində yaranmış qədim gimnastika növü olan “Ba Duan Cin”in yüksək təzyiqin azalmasına müsbət təsir göstərdiyi açıqlanıb.
Araşdırmalara görə, gündə cəmi 10-15 dəqiqə davam edən məşqlər arterial təzyiqin aşağı düşməsinə kömək edir. Alimlər bildiriblər ki, bu təsir sürətli gəzinti və bəzi təzyiq dərmanlarının effekti ilə müqayisə oluna bilər.
Tədqiqat JACC jurnalında dərc olunub. Araşdırmada yaşı 40-dan yuxarı olan və ilkin mərhələli hipertoniyadan əziyyət çəkən 216 nəfər iştirak edib.
Nəticələrə əsasən, qədim Çin gimnastikası ilə məşğul olan şəxslərdə üç ay ərzində sistolik təzyiq orta hesabla 3 mm civə sütunu qədər azalıb.
Mütəxəssislər hesab edirlər ki, sadə və təhlükəsiz olması səbəbindən bu məşqlər yüksək təzyiqin qarşısının alınması və müalicəsində effektiv üsullardan biri ola bilər.
![]()
