Rusiyanın Ermənistandakı səfirliyi “ArmeniaSputnik”ə təsdiqləyib ki, mayın 13-də Moskvadan Yerevana gələn 69 yaşlı Lyudmila Levanova tranzit reysi üçün Kişinyova gedən təyyarəyə minməyib və hazırda onun yeri məlum deyil.
Məlumata görə, səfirlik qadının mümkün olduğu məkanı müəyyənləşdirmək üçün Ermənistan Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayır.
Qadının qızı Anna sosial şəbəkədə yazıb ki, anası səhər saat 06:34-də “FlyOne” aviaşirkətinin reysi ilə Zvartnots hava limanına çatıb. Onun növbəti tranzit uçuşuna qədər təxminən 90 dəqiqə vaxtı olub.
Ailənin bildirdiyinə görə, hava limanı əməkdaşları Lyudmila Levanovanı qarşılamalı və hərəkətinə kömək etməli idilər, lakin naməlum səbəbdən bu baş verməyib.
Yaxınları ehtimal edir ki, qadın hava limanında istiqamətini itirərək naməlum istiqamətə gedib.
İzmedia.az
![]()

