ABŞ-ın Vitse-prezidenti C.D. Vens “Fox News” telekanalına müsahibəsində Birləşmiş Ştatların Yaxın Şərqdəki hərbi əməliyyatlarının əsas hədəfini açıqlayıb. O bildirib ki, Vaşinqtonun regionda atdığı addımların böyük hissəsi Hörmüz boğazında gəmiçiliyin və beynəlxalq dəniz ticarətinin fasiləsiz təhlükəsizliyini təmin etməyə yönəlib.
Vitse-prezident Larak adasındakı İran hərbi obyektlərinə endirilən zərbələrin səbəblərinə toxunaraq deyib: “Bizim addımlarımızın əksəriyyəti əslində Hörmüz boğazında sərbəst və təhlükəsiz naviqasiyanı bərpa etmək məqsədi daşıyır. Dünən gecə endirilən zərbələr də daxil olmaqla, həyata keçirilən əməliyyatlar boğaza mina düzməyə hazırlaşan İran qüvvələrinin təxribatçı fəaliyyətinə verilən adekvat cavabdır”.
Daha əvvəl “Axios” portalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsinə istinadən məlumat yaymışdı ki, ABŞ silahlı qüvvələri İranın Hörmüz boğazını minalamaq cəhdini dəf etmək üçün Larak adasındakı strateji hərbi infrastruktura hədəflənmiş zərbələr endirib.
Ekspertlər bildirirlər ki, qlobal neft daşımalarının əsas arteriyası sayılan Hörmüz boğazında təhlükəsizliyin pozulması dünya enerjidaşıyıcıları bazarında ciddi böhran yarada bilər.
İzmedia.az
![]()

