Mercedes-Benz müdafiə sifarişlərinə yönəlir
Alman avtomobil sənayesi böhranla üzləşdiyi bir vaxtda yeni gəlir mənbələri axtarır və müdafiə sektoruna daha çox yönəlir. Mercedes-Benz və digər Alman avtomobil brendləri hərbi sifarişlər almağa başlayır, mülki modellər isə ordu logistika sistemlərinə inteqrasiya edilir.
izmedia.az xəbər verir ki, Almaniyanın aparıcı avtomobil konsernləri daxili bazarda durğunluq fonunda müdafiə sifarişlərinə aktiv şəkildə yönəlir.
Bild nəşrinin məlumatına görə, Mercedes-Benz artıq Almaniyanın Quantum Systems dron istehsalçısı ilə tərəfdaşlıq sazişi imzalayıb. Bu əməkdaşlıq çərçivəsində yük avtomobillərinin dron sistemləri ilə inteqrasiyası nəzərdən keçirilir.
Hərbi sahəyə maraq göstərən digər Alman şirkətləri də mövcuddur. Fransanın sifarişi ilə 7 min ədəd Zetros yük maşınının istehsalı planlaşdırılır, Bundesver isə logistika ehtiyacları üçün yüzlərlə Arocs 6×6 yük maşını alır. Eyni tipli sifariş Litvadan da daxil olub.
Mercedes-in diqqət mərkəzində həmçinin G-Class (orduda “Wolf” kimi tanınır), Unimog yolsuzluq avtomobilləri, Sprinter furqonları və Daimler Trucks ağır yük maşınları da var.
Şirkət nümayəndələri bildirir ki, Mercedes-Benz hələ də mülki avtomobil istehsalçısı olaraq qalır, lakin təhlükəsizlik və müdafiə sahəsi strateji istiqamət kimi inkişaf etdirilir. Bununla belə, şirkət tank, artilleriya və ya döyüş sursatı istehsal etməyi planlaşdırmır. Hərbi avadanlıqların quraşdırılması isə tərəfdaş şirkətlər tərəfindən həyata keçiriləcək.
Bu tendensiya təkcə Mercedes-Benz ilə məhdudlaşmır. Müdafiə sənayesi şirkətləri Alman avtomobil sənayesində yaranan böhran fonunda yeni əməkdaşlıqlar axtarır. İsrailin Rafael şirkəti Almaniyada hava hücumundan müdafiə sistemləri və lazer silahlarının istehsalı üçün zavod sahələri axtarır.
Tank istehsalçısı KNDS Mercedes-in Ludvigsfelde şəhərindəki zavodunu almaq və ya qismən istifadə etmək üçün danışıqlar aparır, eyni zamanda Volkswagen-in Osnabrück zavodunda “Boxer” zirehli transportyorlarının istehsalını nəzərdən keçirir.
Bundan əlavə, BMW şirkəti də hərbi sahədə avtonom idarəetmə texnologiyalarının tətbiqi imkanlarını müzakirə edir.
Qeyd edək ki, daha əvvəl Fridrix Mertsin Ukrayna Prezidenti Volodimir Zelenskini Almaniyanın hərbiləşdirilməsi üçün istifadə etdiyi iddia olunmuşdu.
![]()
