“Reuters” yerli mediaya istinadən xəbər verir ki, ötən il ABŞ Prezidenti Donald Tramp tərəfindən Qrenlandiya üzərində Amerika təsirini gücləndirmək məqsədilə təyin edilən xüsusi elçi Ceff Lendri bazar günü Nuuka gəlib.
Luiziana ştatının qubernatoru olan Lendri daha əvvəl Trampın Qrenlandiyanı ABŞ-ın bir hissəsinə çevirmək niyyətini dəstəkləyib.
Bu təşəbbüs həm Qrenlandiya, həm də Danimarka hökumətləri tərəfindən rədd edilib və tərəflər dəfələrlə Qrenlandiyanın “satılmadığını” bəyan ediblər.
Məlumata görə, Lendri 19–20 may tarixlərində ABŞ-ın Danimarkadakı səfiri Kennet Hauer ilə birlikdə keçiriləcək “Qrenlandiyanın Gələcəyi” biznes konfransında iştirak edəcək.
Konfransın təşkilatçısı olan “Business Greenland” Lendriyə xüsusi dəvət göndərmədiyini, lakin tədbirin bütün maraqlı tərəflər üçün açıq olduğunu bildirib.
ABŞ-ın Kopenhagendəki səfirliyi isə bu həftə açıqlayıb ki, Lendri və Hauer iqtisadi imkanları genişləndirmək, insanlarla əlaqələri gücləndirmək və ABŞ–Qrenlandiya münasibətlərini inkişaf etdirmək məqsədilə yerli sakinlərlə görüşlər keçirəcəklər.
Məlumata əsasən, Qrenlandiya, Danimarka və ABŞ bu ilin əvvəlində yaranan gərginliyi azaltmaq üçün yüksək səviyyəli diplomatik danışıqların aparılması barədə razılığa gəliblər. Lakin danışıqların nəticələri hələ açıqlanmayıb.
Qrenlandiyanın Baş naziri Yens-Fridrix Nilsen isə ABŞ-ın hərbi mövcudluğunun artırılmasının Vaşinqtonla davam edən müzakirələrin bir hissəsi olduğunu bildirib.
Hazırda Lendrinin Qrenlandiya siyasətçiləri ilə rəsmi görüşlərinin təsdiqlənib-təsdiqlənmədiyi məlum deyil.
İzmedia.az
![]()

