Avropa 2025–2026-cı illərin istilik mövsümündə mayeləşdirilmiş təbii qaz (LNG) idxalında mütləq rekord müəyyənləşdirib.
İzmedia.az xəbər verir ki, bu barədə TASS agentliyinin Gas Infrastructure Europe (GIE) şirkətinin məlumatları əsasında hesablama aparıb.
Məlumata əsasən, oktyabr–mart aylarını əhatə edən mövsümdə Avropaya LNG idxalı 67 milyard kubmetr təşkil edib. Əvvəlki rekord göstərici – 66,6 milyard kubmetr – 2022–2023-cü illərin eyni dövründə qeydə alınmışdı. Hazırda Avropa İttifaqı ölkələri artıq 66,8 milyard kubmetr mayeləşdirilmiş təbii qaz alıblar və bu göstəricinin artacağı gözlənilir.
Bildirilir ki, bu ilin əvvəlindən etibarən terminallardan Avropanın qaz nəqli sisteminə LNG nəqlinin həcmi də rekord səviyyədə qalır və artıq 28,5 milyard kubmetri keçib.
Rekord göstəricinin formalaşmasında əsas səbəblərdən biri qış aylarında qaz tələbatının pik həddə çatması fonunda yeraltı qaz anbarlarında ehtiyatların azalmasıdır. Hazırda anbarlar üçdə birindən də az həcmdə doludur ki, bu da cari dövr üzrə müşahidə tarixində dördüncü ən aşağı göstərici sayılır. Fevralın ortalarında Avropa İttifaqı ölkələri yay aylarında anbarlara vurulan qaz ehtiyatlarını tam istifadə edib və hazırda əvvəlki illərdən qalan ehtiyatlardan istifadə olunur.
Mütəxəssislərin fikrincə, Avropa ölkələri yay mövsümündə LNG alışında yeni rekord müəyyənləşdirə bilər. Əvvəlki maksimum göstərici – 82,8 milyard kubmetr – 2025-ci ilin aprel–oktyabr aylarında, anbarlara qaz vurulmasının aparıldığı yay mövsümündə qeydə alınmışdı.
Bununla belə, Rusiya mənşəli mayeləşdirilmiş təbii qaz və boru kəməri qazına tətbiq olunan qadağaların mərhələli şəkildə qüvvəyə minməsi səbəbindən qarşıdakı qış mövsümünə qədər anbarların doldurulması daha çətin ola bilər. Bundan əlavə, Yaxın Şərqdə davam edən müharibə səbəbindən Fars körfəzi ölkələrindən LNG tədarükünün azalması Avropanın Asiya bazarı ilə sərbəst LNG həcmləri uğrunda rəqabətini daha da gücləndirə bilər.
İzmedia.az
![]()

