The Wall Street Journal (WSJ) qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatı nəticəsində Səudiyyə Ərəbistanı iqtisadiyyatına dəyən maliyyə itkiləri 10 milyard dolları ötüb.
Qəzet yazır ki, itkilər əsasən Hörmüz boğazında gəmiçiliyə tətbiq edilən məhdudiyyətlərin krallığın neft ixracına mənfi təsiri, İranın cavab zərbələri nəticəsində yaranan qismən hərbi ziyan və Formula 1 yarışı kimi böyük beynəlxalq tədbirlərin ləğvi ilə bağlıdır.
Bu vəziyyət fonunda ölkə hakimiyyəti və iri dövlət şirkətləri cari xərclərin azaldılması məqsədilə əsas infrastruktur layihələrinin, o cümlədən yeni göydələnlərin tikintisinin vaxt cədvəlini yenidən nəzərdən keçirir. Bundan əlavə, nəşr bildirir ki, Səudiyyə Ərəbistanı müdafiə büdcəsinin sürətləndirilmiş şəkildə artırılması variantını da dəyərləndirir ki, bu da maliyyə resurslarının yenidən bölüşdürülməsini tələb edəcək.
Məlumata görə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, ölkənin iri şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev hücumları İrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb.
Buna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə, eləcə də Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəflərinə qarşı əməliyyatlara başladığını açıqlayıb.
İzmedia.az
![]()

