TASS agentliyinə açıqlamasında Belarusun Brüsseldəki müvəqqəti işlər vəkili Sergey Panasyuk bildirib ki, onilliklər davam edə biləcək genişmiqyaslı iqtisadi böhran fonunda Minsk üçün yeni “Avropa yolu”nu sınaqdan keçirmək məqsədəuyğun deyil.
Diplomat Avropa Parlamentində Belarusun radikal müxalifət nümayəndələri ilə keçirilən görüşləri şərh edərkən qeyd edib ki, qurumun Belarus xalqı üçün daha faydalı olan məsələləri müzakirə etməsi daha məqsədəuyğun olardı. Onun sözlərinə görə, qarşılıqlı faydalı əməkdaşlıq, məşğulluq, ərzaq təminatı, əlçatan tibbi xidmət və münasib enerji qiymətləri kimi məsələlərə diqqət yetirilməlidir.
Panasyuk vurğulayıb ki, müzakirələr isə daha çox “müvəqqəti azadlıqlar”, “hipotetik dəyərlər” və Avropa qaydaları ətrafında aparılır: “Həm belarusluların, həm də avropalıların maraqları baxımından burada nəsə düzgün deyil”.
Onun sözlərinə görə, Avropa tərəfi Belarusun Avropa İttifaqının təsir dairəsinə cəlb olunmasına yönəlmiş yeni cəhdlər əvəzinə, həm Minsk, həm də Moskva ilə normal və yenilənmiş dialoqa üstünlük verməlidir.
Diplomat əlavə edib ki, Avropa İttifaqı Belarusla ümumi və bölünməz təhlükəsizlik, sərhədlərin birgə mühafizəsi, qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə, miqrasiyanın idarə olunması, logistika və hərəkət azadlığı, həmçinin ağac emalı, qida və maşınqayırma məhsullarının tədarükü kimi sahələrdə əməkdaşlıqda maraqlı olmalıdır.
Panasyuk qeyd edib ki, Belarus Atom Elektrik Stansiyasının istismar təcrübəsi də bu əməkdaşlıq çərçivəsində tələb oluna bilər.
İzmedia.az
![]()

