Nəvaf Salam İsrail ilə əldə olunan 10 günlük atəşkəs razılaşmasını alqışlayıb. Razılaşma cümə günü gecə yarısı qüvvəyə minib.
Baş nazir X sosial şəbəkəsində yazıb: “Bütün Livan xalqını bu nailiyyət münasibətilə təbrik edirəm. Mərhumların ailələrinə başsağlığı verir və şəhər və yaşayış məntəqələrini tərk etməyə məcbur olan insanlarla həmrəy olduğumu bildirirəm”.
Salam bildirib ki, atəşkəs onun hökumətinin əsas tələblərindən biri olub və bu məqsəd Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə keçirilən Livan–İsrail görüşündə də müzakirə olunub. O, sülhməramlı səylərə görə ABŞ, Fransa, Misir, Səudiyyə Ərəbistanı, Qətər və İordaniyaya təşəkkür edib.
Livanın xarici işlər naziri Yusif Racji ölkəsinin İsraillə danışıqlara ümidlə yanaşdığını bildirib. Onun sözlərinə görə, diplomatik həll yolu hücumların dayandırılması, qoşunların geri çəkilməsi, əsirlərin azad olunması və sərhədlərin müəyyənləşdirilməsi üçün yeganə yoldur.
O həmçinin qeyd edib ki, İsrail ilə birbaşa danışıqlar Livan məsələsinin İran dosyesindən ayrılmasına imkan yaradıb və hazırda Livan hökuməti öz xalqı adından danışıqlar aparır.
Donald Trump isə daha əvvəl bildirib ki, İsrail və Livan 10 günlük atəşkəs barədə razılığa gəlib və bu proses onun birbaşa telefon danışıqlarından sonra rəsmiləşib.
İzmedia.az
![]()

