İranın İtaliyadakı səfiri Məhəmməd Rza Saburi TASS agentliyinə müsahibəsində bildirib ki, İran üçün Hörmüz boğazında hər hansı xarici qüvvənin, o cümlədən Avropa koalisiyasının mövcudluğu qəbuledilməzdir.
Diplomatın sözlərinə görə, Tehran Avropa ölkələrini regionun tarixi və coğrafi kontekstini, eləcə də mövcud böhranın əsas səbəblərini nəzərə almağa çağırır.
“İranın nöqteyi-nəzərindən Hörmüz boğazında hər hansı xarici müdaxilə və ya mövcudluq qəbuledilməzdir. Bu, həmçinin Birləşmiş Krallıq və Fransanın, eləcə də Avropa koalisiyasının təşəbbüsləri kimi təqdim olunan son plan və bəyanatlara da aiddir. İran bu planları və addımları rədd edir və pisləyir”, – deyə səfir bildirib.
O qeyd edib ki, dəniz naviqasiyasına maneələrin aradan qaldırılmasının yeganə yolu sahilyanı dövlət olan İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsidir.
Səfir əlavə edib ki, istənilən təşəbbüs İranın razılığı ilə və onunla əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Onun sözlərinə görə, bəzi Avropa ölkələri ABŞ və İsrailin addımlarından sonra beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulmasına göz yumur ki, bu da ikili standartların göstəricisidir.
Saburi İtaliya və İspaniyanın mövqeyini ayrıca vurğulayaraq bildirib ki, həmin ölkələrin İrana qarşı addımları beynəlxalq hüququn pozulması kimi qiymətləndirməsi Tehranda diqqətlə izlənilib.
Qeyd edək ki, bir sıra ölkələr, o cümlədən bəzi Avropa dövlətləri artıq Hörmüz boğazında naviqasiya azadlığının təmin olunması yollarını müzakirə etmək üçün müxtəlif səviyyələrdə görüşlər keçiriblər.
İzmedia.az
![]()

