İsveçrəli İT mütəxəssisi yüzlərlə torpaq sahəsi alaraq özünü “kral” elan edib

Nərmin
2 Min Read

İsveçrədə 31 yaşlı İT mütəxəssisi Jonas Lauviner hüquqi boşluqdan istifadə edərək ölkə üzrə yüzlərlə sahibsiz torpaq sahəsini öz adına rəsmiləşdirib və özünü “kral” elan edib.

İzmedia.az xəbər verir ki, Burqdorf şəhərindən olan Lauviner ümumilikdə 148 torpaq sahəsini müxtəlif kantonlarda əldə edib. O, bu ərazilərə təxminən 15 min İsveçrə frankı ödəyib.

Məlumata görə, onun “krallığına” tərk edilmiş meşə sahələri, köhnə anbarlar və 83 özəl yol da daxildir. O, həmin yolları öz mülkiyyəti hesab edərək yerli sakinlərdən istifadə üçün ödəniş tələb etməyə başlayıb.

Lauviner daha əvvəl Berndə yerləşən bir kilsədə özünü “kral” elan etdiyi simvolik mərasim də keçirib. O, hazırda purpur rəngli libaslar geyinir, özünü “İsveçrə kralı” adlandırır və evini “saray” kimi təqdim edir.

Onun fəaliyyəti çərçivəsində “ordu”, fond və hətta öz “valyutası” da yaradılıb. Bundan əlavə, o, köhnə hərbi texnika və zirehli maşınları da nümayiş etdirir.

İsveçrə qanunvericiliyinə əsasən, sahibsiz torpaqların fərdi şəxslər tərəfindən rəsmiləşdirilməsi mümkün olduğundan, o, bu boşluqdan istifadə edib.

Hadisə yerli siyasətçilər arasında narazılıq yaradıb. Bir sıra deputatlar onun fəaliyyətinin dayandırılmasını tələb edərək bu vəziyyəti “həddindən artıq şəxsi ambisiya” kimi qiymətləndiriblər.

Hüquqşünaslar onun fəaliyyətinə qarşı məhkəmə iddiası qaldırsalar da, ilkin mərhələdə bu iddia rədd edilib. Hazırda İsveçrənin bəzi kantonlarında qanunvericilik dəyişiklikləri üzərində iş aparılır.

Lauviner isə özünü siyasi fiqur kimi yox, sadəcə “tarixdə iz buraxmaq istəyən bir şəxs” kimi təqdim edir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş