Tbilisi meri, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze bildirib ki, Qərb ölkələri Gürcüstan haqqında yalan və aqressiv fikirlər səsləndirirlər. Onun sözlərinə görə, buna səbəb Gürcüstanın Rusiya əleyhinə sanksiyalara qoşulmaması və sülh yolunu seçməsidir.
Kaladze bu fikirləri “İmedi” telekanalına müsahibəsində səsləndirib.
“Oların bütün bəyanatları və təhdidləri yalanlara əsaslanır. Onları dəstəkləyən heç bir fakt yoxdur. Səbəb Gürcüstan hökumətinin sülhü seçməsidir. Gürcüstan hökuməti Gürcüstan iqtisadiyyatı və xalqı üçün zərərli və dağıdıcı olacaq sanksiyalara qoşulmaqdan imtina etdi”, – deyə o bildirib.
Xatırladaq ki, 25 fevral 2022-ci ildə Gürcüstanın o zamankı baş naziri İrakli Qaribaşvili Rusiyaya qarşı sanksiyalar tətbiq etmək planlarının olmadığını və bunun ölkənin maraqlarına uyğun gəldiyini açıqlamışdı.
2022-ci ilin mart ayının əvvəlində Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sanksiyalarla bağlı mövqeyinə görə Ukraynanın Tbilisidəki səfirini geri çağırmışdı.
Gürcüstan müxalifəti də həmin qərarı tənqid edərək hökuməti Rusiya ilə əməkdaşlıq etməkdə ittiham etmişdi.
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası isə dəfələrlə Ukraynanı və bəzi Avropa siyasətçilərini Gürcüstan ərazisində ikinci cəbhə açmağa cəhd göstərməkdə günahlandırıb.
Partiyanın fikrincə, müəyyən qüvvələr Rusiyanı paralel hərbi əməliyyatlara cəlb etməyə çalışırlar.
İzmedia.az
![]()

