Rusiya NATO-nun Kalininqrad vilayətinə qarşı hərbi və nəqliyyat blokadası ssenarilərini məşqlər zamanı sınaqdan keçirdiyini qeydə alıb.
izmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Artyom Bulatov bildirib ki, alyans və Avropa İttifaqına üzv ölkələr Baltik regionunda logistik marşrutları məqsədli şəkildə məhdudlaşdıraraq, mümkün eskalasiya halında Rusiya anklavının tam təcrid olunması üçün şərait yaradır.
Diplomatın sözlərinə görə, NATO təlimlərində Kalininqradla nəqliyyat əlaqələrinin kəsilməsi ssenariləri aktiv şəkildə işlənir. O, həmçinin bu addımların regionda gərginliyi artırdığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin müavini Aleksandr Qruşko da daha əvvəl bildirib ki, alyansın manevrlərində dəniz blokadası və hətta regionun ələ keçirilməsi kimi ssenarilər istisna edilmir.
Moskvanın iddiasına görə, bu prosesdə Baltik ölkələri və Polşa daha fəal rol oynayır və tranzit marşrutlarına məhdudiyyətlər tətbiq olunur.
Ukraynada hərbi əməliyyatların başlanmasından sonra Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar da Kalininqradla dəmir yolu daşımalarına təsir göstərib. Rusiya tərəfi bunu “hibrid müharibə” və suverenliyə təzyiq kimi qiymətləndirir.
Artyom Bulatov qeyd edib ki, Kalininqradın blokadasına hər hansı cəhd qəti şəkildə cavablandırılacaq.
O, həmçinin Rusiya Prezidenti Vladimir Putinin əvvəlki açıqlamasına istinad edərək bildirib ki, belə addımlar “misli görünməmiş eskalasiyaya” səbəb ola bilər. Lakin mümkün cavabın hərbi və ya iqtisadi və kibertəhlükəsizlik kimi qeyri-hərbi vasitələrlə olacağı dəqiqləşdirilməyib.
![]()
