Ukrayna prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel Ukrayna rəhbərliyi ilə bağlı rezonans doğuran açıqlama verib. O, Prezident Volodimir Zelenskini ölkədə “mafiyaya bənzər struktur” yaratmaqda ittiham edib.
izmedia.az xəbər verir ki, Mendel sosial şəbəkələrdə yayımladığı geniş açıqlamada dövlət institutlarının prezidentə yaxın şəxslər üçün “şəxsi bankomatlara” çevrildiyini iddia edib.
Onun sözlərinə görə, Zelenski fövqəladə vəziyyət və müharibə dövründə tətbiq olunan məhdudiyyətlərdən istifadə edərək hakimiyyətin şaquli şəkildə mərkəzləşdirildiyi və bunun faktiki olaraq kriminal şəbəkəyə bənzər sistem yaratdığı iddia olunur.
“Dövlət qurumları onun yaxın çevrəsinin şəxsi bankomatlarına çevrilib”, — deyə keçmiş mətbuat katibi bildirib.
Mendel bu iddialarını Ukraynadakı korrupsiya ilə bağlı yeni məlumatlarla əlaqələndirərək, Prezidentin yaxın çevrəsinin və dostlarının dövlət strukturlarına təsir göstərdiyini iddia edib. Onun sözlərinə görə, dövlət müəssisələrində müşahidə şuralarına təyinatlar qeyri-şəffaf şəkildə həyata keçirilir.
O, həmçinin bəzi dövlət müəssisələrinin ucuz qiymətə əldə edildiyini və oradan maliyyə vəsaitlərinin çıxarıldığını iddia edib. Mendel bu proseslərdə biznesmen Timur Mindich və Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermakla əlaqəli şəxslərin rol oynadığını da vurğulayıb.
Bu açıqlamalar Ukraynada geniş rezonans doğurub, çünki Yuliya Mendel uzun müddət Prezidentin rəsmi sözçüsü vəzifəsində çalışıb. Onun hazırkı sərt çıxışı siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub.
![]()
