Elon Maskın şirkəti Tesla istehsalı dayandırılmış ucuz dörd təkərli Cybertruck pikapları üçün xidmət kampaniyası elan edib. Bu barədə Carscoops məlumat yayıb.
Məlumata görə, geri çağırılma standart 18 düymlük təkərlərlə təchiz edilmiş 173 avtomobilə şamil olunur. 20 düymlük əlavə təkər variantları isə kampaniyaya daxil deyil.
Geri çağırılma 21 mart 2024-cü il – 25 noyabr 2025-ci il tarixləri arasında istehsal olunmuş avtomobilləri əhatə edir.
Şirkət bildirir ki, indiyədək bu nasazlıqla bağlı yol-nəqliyyat hadisələri və ya xəsarət halları qeydə alınmayıb, lakin üç zəmanət müraciəti mövcuddur.
Problemin səbəbi kimi sürüş zamanı təkərin qopma riski göstərilir. İstehsalçıya görə, qeyri-bərabər yol şəraitində və dönüşlər zamanı yaranan yüklər əyləc disklərində təkər dayaqlarının yerləşdiyi hissələrdə çatlara səbəb ola bilər və nəticədə təkər mərkəzdən qopa bilər.
Tesla mühəndisləri mümkün nasazlığı ilk dəfə 2025-ci ilin avqustunda istehsaldan əvvəl aparılan testlər zamanı aşkarlayıblar. Daha sonra aparılan araşdırmalar problemin daha geniş xarakter daşıdığını üzə çıxarıb. Qeyd olunur ki, qüsurlu hissələr həm zavodda yığım zamanı, həm də bəzi servis mərkəzlərində əyləc dəyişimi zamanı istifadə olunmuş ola bilər.
Geri çağırılma sənədlərində başlanğıc tarix kimi 21 mart 2024-cü il göstərilsə də, Tesla 18 düymlük təkərli arxa ötürücülü modelin faktiki istehsalına 28 avqust 2025-ci ildə başladığını, bu istehsalın isə 5 noyabr 2025-ci ildə dayandırıldığını açıqlayıb.
Şirkət bildirir ki, ön və arxa əyləc diskləri daxil olmaqla nasazlıqla əlaqəli bütün hissələrin dəyişdirilməsi pulsuz həyata keçiriləcək.
İzmedia.az
![]()

