Orta Şərqdə ABŞ hərbi bazalarında böyük ziyan: İranın hücumları gözləniləndən daha güclü olub

Nərmin
2 Min Read

İzmedia.az xəbər verir ki, müharibə zamanı İranın Orta Şərqdə yerləşən ABŞ hərbi bazalarına etdiyi hücumlar əvvəl açıqlanandan daha böyük dağıntılara səbəb olub.

“Washington Post” qəzeti peyk görüntülərini analiz edərək ABŞ bazalarında ümumilikdə 228 bina və avadanlığın zədələndiyini yazıb. Bildirilir ki, İran hücumları zamanı hangarlar, kazarmalar, yanacaq anbarları, radarlar, telekommunikasiya və hava hücumundan müdafiə sistemləri hədəf alınıb.

Məlumata görə, zərər görən obyektlərin sayı 228-ə çatır və bu göstərici ABŞ hökumətinin əvvəlki açıqlamalarından daha yüksəkdir. Peyk görüntüləri göstərir ki, bölgədəki ABŞ bazalarının yarısında kazarmalar, anbarlar və digər infrastruktur ciddi ziyan görüb.

Mütəxəssislərin fikrincə, İran əsasən hərbçilərin yerləşdiyi binaları hədəf alaraq ABŞ ordusuna daha çox itki verməyə çalışıb. Bundan əlavə, yanacaq anbarları, yeməkxanalar, idman zalları və digər infrastruktur da hücuma məruz qalıb.

Ən böyük dağıntı Bəhreyn və Küveytdə

Ən ciddi ziyan Bəhreyn və Küveytdə yerləşən ABŞ bazalarında qeydə alınıb. “Washington Post” yazır ki, bu bazalar İran ərazisinə hücumlar üçün istifadə olunduğuna görə Tehran tərəfindən daha çox hədəfə alınıb.

Bəzi Körfəz ölkələrinin ABŞ-a İranla bağlı əməliyyatlarda öz ərazilərindən istifadə etməyə icazə vermədiyi, lakin Küveyt və Bəhreynin müəyyən dəstək verdiyi qeyd olunur.

Məlumata görə, bəzi bazalar artıq təhlükəsizlik baxımından riskli hesab edildiyi üçün personalın böyük hissəsi oradan çıxarılıb.

“ABŞ ordusu hazırlıqsız idi”

Mütəxəssislər bu qədər böyük ziyanın əsas səbəblərindən birinin İranın gözləniləndən daha güclü raket və dron imkanlarına malik olması olduğunu bildirirlər. Eyni zamanda ABŞ ordusunun müasir dron hücumlarına tam hazır olmadığı vurğulanır.

Qəzet həmçinin bildirir ki, bəzi özəl peyk şirkətləri münaqişə başlayandan sonra bölgədən görüntülərin yayımını məhdudlaşdırıb, bu da hücumların real miqyasının müəyyənləşdirilməsini çətinləşdirib.

Rəsmilərin məlumatına görə, Bəhreyndəki ABŞ hərbi dəniz bazasında ziyan çox böyük olub və bəzi hərbi strukturların Florida ştatındakı bazaya köçürüldüyü bildirilir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş