“Pəncərə yanında işləmək şəkəri azaldır” – Alimlər diabetlə bağlı gözlənilməz nəticə açıqladı

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, Niderland alimləri təbii gün işığının şəkərli diabetin ikinci tipindən əziyyət çəkən insanlarda qan şəkərinin nəzarətdə saxlanmasına müsbət təsir göstərdiyini müəyyən ediblər.

Maastrixt Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri 13 könüllünün iştirakı ilə klinik araşdırma aparıblar. Təcrübə zamanı iştirakçılar növbə ilə təbii gün işığında və daimi süni işıq şəraitində iş günü keçiriblər.

Araşdırmanın nəticələrinə görə, gün işığında olan şəxslərdə qlükoza səviyyəsi daha uzun müddət normal həddə qalıb. Bu da orqanizmin şəkəri daha yaxşı emal etdiyini göstərib.

Bundan əlavə, iştirakçıların enerji mübadiləsində də müsbət dəyişikliklər müşahidə olunub. Alimlər müəyyən ediblər ki, orqanizm gün işığı şəraitində enerji mənbəyi kimi yağ yandırmağa daha aktiv keçir.

Tədqiqat zamanı hüceyrə səviyyəsində də dəyişikliklər qeydə alınıb. Bəzi genlərin fəaliyyəti və qandakı lipid göstəriciləri dəyişib. Əzələ toxumalarında “bioloji saat”ın işıq rejiminə uyğunlaşdığı müəyyən olunub.

Alimlər bildiriblər ki, insanlar vaxtlarının təxminən 90 faizini qapalı məkanlarda keçirirlər və bu da günəş işığı çatışmazlığı yaradaraq maddələr mübadiləsinə mənfi təsir edir.

Onların fikrincə, iş yerlərində təbii gün işığına çıxışın təmin edilməsi diabet müalicəsinə sadə və təhlükəsiz əlavə dəstək üsulu ola bilər. Araşdırma Cell Metabolism jurnalında dərc olunub.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş