İzmedia.az xəbər verir ki, Atlantik okeanında kruiz gəmisində yayılan ölümcül Andes hantavirusu ilə bağlı narahatlıqlara baxmayaraq, rusiyalı mütəxəssislər bu virusun Rusiyada yayılma ehtimalının çox aşağı olduğunu bildiriblər.
Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin virusoloqu Anatoli Altşteynin sözlərinə görə, Andes virusunun əsas və bəlkə də yeganə daşıyıcısı uzunquyruq düyü hamsteridir. Bu gəmirici növü isə Rusiyada heç vaxt qeydə alınmayıb.
Mütəxəssis qeyd edib ki, məhz bu səbəbdən virusun ölkədə yayılması, hətta kənardan gətirilməsi halında belə, çox az ehtimal olunur.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Atlantik okeanında üzən kruiz gəmisində Andes virusuna yoluxma halları aşkarlanıb. Diaqnoz Cənubi Afrika və İsveçrənin müstəqil laboratoriyalarında təsdiqlənib. Ümumilikdə səkkiz nəfərin yoluxduğu, onlardan üçünün həyatını itirdiyi bildirilir.
Virusoloq həmçinin vurğulayıb ki, Rusiyada fərqli hantavirus növləri yayılıb. Bu viruslar əsasən böyrək sindromlu hemorragik qızdırma yaradır və onların daşıyıcıları adi çöl siçanları və meşə gəmiriciləridir.
Onun sözlərinə görə, xüsusilə Volqaboyu və Uralətrafı bölgələrdə hər il yüzlərlə, bəzən isə minlərlə yoluxma halı qeydə alınır. Buna görə də əhali təbiətdə olarkən gigiyena və təhlükəsizlik qaydalarına diqqət etməlidir.
![]()
