izmedia.az xəbər verir ki, iqtisadçılar köhnə Lego dəstlərinin qızıl, səhmlər və hətta bitkoindən daha gəlirli investisiya olduğunu açıqlayıblar.
Araşdırmaya görə, möhürlənmiş Lego konstrukturlarının ikinci əl bazarında illik orta gəlirliliyi təxminən 11 faiz təşkil edir. Bu göstərici qızıl, istiqrazlar, səhmlər və bir sıra digər investisiya alətlərini geridə qoyur.
Tədqiqatçılar 1987–2015-ci illərdə istehsal olunan 2322 Lego dəstini analiz edərək onların satışdan çıxarıldıqdan sonrakı bazar qiymətlərini müqayisə ediblər. Nəticələr göstərib ki, bəzi nadir kolleksiya dəstləri illər ərzində yüzlərlə faiz dəyər qazana bilir.
Ekspertlərin fikrincə, bunun əsas səbəbi nadirlikdir. Model istehsaldan çıxarıldıqdan sonra bazarda sayı azalır və açılmamış qutular kolleksiyaçılar üçün daha qiymətli olur.
Araşdırmada vurğulanır ki, Lego sürətli qazanc vasitəsi deyil. Adətən qiymət artımı dəst mağazalardan yoxa çıxdıqdan 2–3 il sonra başlayır. Uğurlu investisiya üçün əsas şərtlər nadir model, ideal vəziyyətdə saxlanılan qutu və məşhur seriyaya aid olmasıdır.
İqtisadçılar bildirirlər ki, Lego bazarının gəlirliliyi ənənəvi maliyyə bazarları ilə birbaşa əlaqəli olmadığı üçün investorlar üçün əlavə diversifikasiya imkanı yaradır.
![]()
