Modi Haydarabadda çıxışı zamanı qeyd edib ki, pandemiya dövründə insanlar evdən işləməyə, virtual görüşlərə və videokonfranslara uyğunlaşmışdı.
“Koronavirus pandemiyası zamanı evdən işlədik, virtual görüşlər və videokonfranslar keçirdik. Buna öyrəşdik. Zamanın tələbi bu metodlara qayıtmaqdır”, – deyə baş nazir bildirib.
O, həmçinin xarici valyutaya qənaətin və enerji idxalından asılılığın azaldılmasının vacibliyini vurğulayıb. Modinin sözlərinə görə, Hindistan vətəndaşları istehlak vərdişlərinə yenidən baxmalıdırlar.
Baş nazir bildirib ki, orta təbəqə arasında xaricdə toy, istirahət və səyahət ənənəsi geniş yayılıb və mövcud böhran şəraitində bu səfərlərin ən azı bir il təxirə salınması məqsədəuyğun olar.
Modi vətəndaşları həmçinin bayram dövründə qızıl alışından çəkinməyə çağırıb.
O, yanacaq sərfiyyatına qənaətin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
“Benzin, dizel və qazdan çox təmkinlə istifadə edilməlidir. Bu enerji resurslarını xaricdən idxal edirik və yalnız zəruri hallarda istifadə etməyə çalışmalıyıq”, – deyə baş nazir bildirib.
Bu məqsədlə Modi vətəndaşları ictimai nəqliyyatdan və dəmir yolundan daha fəal istifadə etməyə çağırıb.
“Metrodan istifadə edin, avtomobillərin birgə istifadəsini təşkil edin və yük daşımalarında dəmir yoluna üstünlük verin. Bu addımlar benzin və dizeldən, dolayısı ilə xarici valyutadan asılılığı azaldacaq”, – deyə o əlavə edib.
Modi çıxışının sonunda bildirib ki, Yaxın Şərqdəki münaqişənin yaratdığı qlobal böhran şəraitində ölkənin maraqlarını ön plana çəkən qərarlar qəbul olunmalıdır.
İzmedia.az
![]()

