Britaniyada siyasi gərginlik: Pat Makfadden Starmerin istefasının gündəmdə olmadığını bildirib

2 Min Read

Böyük Britaniyanın Əmək və Pensiyalar üzrə katibi Pat Makfadden Sky News-a açıqlamasında hökumət daxilində Baş nazir Keyr Starmerin istefasının tələb olunmadığını bildirib.

Makfadden jurnalistin kabinet iclasında Starmerə qarşı etirazların olub-olmaması ilə bağlı sualına cavab olaraq deyib: “Xeyr. Onu dəstəkləyən bir çox açıqlamalar olub. O, işini davam etdirir. İctimaiyyətin gözləntisi də budur”.

Eyni zamanda, hökumətdə istefalar davam edir. Böyük Britaniyanın Mənzil, İcmalar və Yerli Özünüidarəetmə nazirinin müavini Miatta Fanbulle vəzifəsindən istefa verib. Onun addımı Baş nazir Starmerin siyasəti ilə fikir ayrılıqları ilə əlaqələndirilir.

Məlumata görə, bu istefa Starmerin rəhbərliyinə etiraz olaraq vəzifədən ayrılan ilk hökumət üzvlərindən biri hesab olunur. Mayın 11-də bir neçə nazir müavini də oxşar səbəblərlə istefa verdiklərini açıqlayıblar.

Böyük Britaniyada siyasi böhran 7 mayda keçirilən yerli seçkilərdən sonra dərinləşib. Nəticədə hakim Leyboristlər Partiyası tarixdə ilk dəfə Uels Parlamentində nəzarəti itirib və ölkə üzrə müxtəlif qanunverici orqanlarda təmsilçiliyi 1400 yer azalıb.

Starmer seçki nəticələrinə görə məsuliyyətin bir hissəsini üzərinə götürsə də, həm partiya lideri, həm də Baş nazir postundan istefa verməkdən imtina edib.

İcmalar Palatasında isə Starmerin istefasını tələb edən Leyborist deputatların sayı artaraq təxminən 80 nəfərə çatıb. Narazı deputatlar hesab edirlər ki, onun vəzifədə qalması gələcək ümumi seçkilərdə partiyanın mövqeyini daha da zəiflədə bilər. Növbəti seçkilərin 2029-cu ilin avqust ayından gec olmayaraq keçirilməsi gözlənilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş