İzmedia.az xəbər verir ki, Kino Sənətləri və Elmləri Akademiyası 2027-ci ildə keçiriləcək 99-cu “Oskar” mükafatı mərasimi üçün yeni qaydaları təsdiqləyib. Dəyişikliklər seçmə meyarları və mükafatlandırma sisteminin bir neçə əsas kateqoriyasını əhatə edir.
Yeni qaydalara əsasən, aktyorlar eyni kateqoriya çərçivəsində fərqli rollara görə eyni vaxtda bir neçə nominasiyaya namizəd ola biləcəklər. Əvvəllər isə bir aktyor bir neçə rol üzrə kifayət qədər səs toplasa belə, yekun siyahıya yalnız ən çox dəstək qazanan rolu daxil edilirdi.
Rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı aktyor işlərinə də ayrıca tələblər yenilənib. Artıq yalnız titrlərdə rəsmi göstərilən və canlı aktyorlar tərəfindən onların razılığı ilə ifa olunan rollar nominasiyaya qəbul ediləcək. Bu dəyişiklik süni intellekt vasitəsilə aktyor obrazlarının ölümündən sonra tamamlanmasının qarşısını alır.
Ssenari seçimi sahəsində də ciddi yeniliklər var. Bundan sonra mükafata yalnız neyroşəbəkələrin iştirakı olmadan, tam şəkildə insanlar tərəfindən yazılmış ssenarilər buraxılacaq. Beləliklə, Akademiya bu kateqoriyada insan yaradıcılığına üstünlük verdiyini rəsmiləşdirib.
Beynəlxalq kateqoriyada da dəyişiklik edilib. Yeni qaydalara görə, bir ölkə və ya region “Ən yaxşı xarici film” nominasiyasına bir neçə film təqdim edə biləcək. Bundan əlavə, Kann, Berlin, Venesiya, Pusan, Sandens və Toronto kimi altı böyük film festivalında əsas mükafat qazanan filmlər də nəzərə alınacaq. Həmçinin mükafat artıq ölkəyə deyil, filmin rejissoruna təqdim olunacaq.
Qaydalar paketinə müraciət tarixləri ilə bağlı dəqiqləşdirmələr də daxil edilib, lakin tam təqvim hələ açıqlanmayıb.
Akademiyada bildirilib ki, bu dəyişikliklərin bir hissəsi süni intellektin kino sənayesində istifadəsi ilə bağlı etik məsələlərdən qaynaqlanır. Xüsusilə, aktyorların ölümündən sonra onların obrazlarının texnologiya ilə davam etdirilməsi məsələsi diqqət mərkəzindədir.
Bundan başqa, nominasiyaların yenidən nəzərdən keçirilməsi strateji səsvermənin təsirini azaltmaq məqsədi daşıyır. Əvvəllər bir aktyorun müxtəlif rolları arasında səslərin bölünməsi onun qalib gəlmək şansını azaldırdı.
Qeyd edək ki, 99-cu “Oskar” mərasimi 14 mart 2027-ci ildə, 100-cü yubiley mərasimi isə 5 mart 2028-ci ildə keçiriləcək.
![]()
