izmedia.az xəbər verir ki, Mercedes-Benz Almaniyanın Berlin şəhərində yerləşən bütün rəsmi diler mərkəzlərini kanadalı sahibkara satıb. Satış nəticəsində təxminən 1500 işçi yeni vəziyyətlə üzləşib.
Yeni sahib Kanadanın Alpha Auto Group holdinqinin rəhbəri Kuldip Billan olub. Onun şirkəti ABŞ, Kanada və Avropada 150-dən çox avtosalona nəzarət edir.
Məlumata görə, Berlin və Brandenburqda yerləşən ümumilikdə 7 diler mərkəzinin əməkdaşlarına satış xəbəri elektron poçt vasitəsilə bildirilib. İşçilərə iki seçim təklif olunub: ya təxminən 30 min avro civarında kompensasiya alaraq işdən çıxmaq, ya da yalnız 1 illik iş zəmanəti ilə yeni müqavilə imzalamaq.
Lakin yeni müqavilələr əvvəlki Mercedes-Benz əmək müqavilələrinin ləğvini və yeni şərtlərlə yenilənməsini nəzərdə tutur. Bu şərtlərin detalları isə hələlik açıqlanmayıb.
Bildirilir ki, əməkdaşlar son iki il ərzində bu satışın qarşısını almağa çalışsalar da, nəticə əldə edə bilməyiblər.
Alman mediasının məlumatına görə, bu proses yalnız Berlinlə məhdudlaşmaya bilər. Mercedes-Benz-in Hamburq, Münhen və Reyn-Rur bölgələrindəki diler mərkəzlərini də satmaq imkanını nəzərdən keçirdiyi bildirilir.
Şirkətin “Gələcəyin Satışları” adlı restrukturizasiya planı çərçivəsində ənənəvi diler sistemindən imtina edilərək daha mərkəzləşdirilmiş və rəqəmsal satış modelinə keçid nəzərdə tutulur. Bu plan həyata keçərsə, Almaniyada ümumilikdə 8000-ə yaxın iş yeri risk altında qala bilər.
Qeyd edək ki, Mercedes-Benz qlobal avtomobil sənayesində ən böyük brendlərdən biridir və hazırda genişmiqyaslı struktur dəyişiklikləri aparır.
![]()
