Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd əl-Budaivi təşkilata üzv altı dövlətin yaxın gələcəkdə birgə vahid turist vizası layihəsini istifadəyə verəcəyini bəyan edib. Birləşmiş Ərəb Əmirliklərinin “Khaleej Times” qəzetinə istinadən verilən məlumata görə, təşəbbüsün tezliklə tam reallaşdırılması planlaşdırılır.
Əl-Budaivi bildirib ki, Şengen vizası prinsipi ilə fəaliyyət göstərəcək bu yeni sistem xarici turistlərin və qonaqların region ölkələri arasında maneəsiz və asan səyahət etməsinə şərait yaradacaq. Bununla belə, KƏŞ rəhbəri vahid vizanın dəqiq qüvvəyə minmə tarixini, rüsum məbləğləri, müraciət qaydaları və etibarlılıq müddəti ilə bağlı təfərrüatları hələlik açıqlamayıb.
Məlumata görə, KƏŞ üçün vahid viza konsepsiyası artıq bütün üzv dövlətlər tərəfindən bəyənilib və layihənin texniki-inzibati tətbiqi prosesi ölkələrin daxili işlər nazirliklərinə həvalə olunub.
Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurası Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı olmaqla altı monarxiya dövlətini birləşdirən regional təşkilatdır. Təşkilatın əsas məqsədi üzv ölkələr arasında iqtisadi, siyasi və mədəni inteqrasiyanı dərinləşdirməkdir.
İzmedia.az
![]()

