izmedia.az xəbər verir ki, İsrail ordusunun atəşkəsə baxmayaraq Livanın müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində həyatını itirənlərin sayı 18-ə yüksəlib.
NNA agentliyinin yaydığı məlumata görə, İsrail döyüş təyyarələri Nebatiyyənin Romin qəsəbəsində yaşayış evini hədəfə alıb. Hücum nəticəsində ev tamamilə dağılıb, 3 nəfər ölüb, çox sayda insan yaralanıb.
Məlumata əsasən, Haruf bölgəsinə təşkil edilən hücumda 1, Abbasiyyədə isə 2 nəfər həyatını itirib.
Bundan başqa, İsrail ordusunun gün ərzində Livanın müxtəlif bölgələrində 7 avtomobili pilotsuz uçuş aparatları ilə vurduğu, həmin hücumlarda isə 12 nəfərin öldüyü bildirilib.
Qeyd olunub ki, İsrail ordusu axşam saatlarından etibarən Livanın cənubundakı Abbasiyyə, Kefer Sir, Neumeyriyyə, Kefer Hatta, Zehrani, Cercu, Şərqi Zavtar, Arabsalim və Suhmur bölgələrinə də hava zərbələri endirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trump daha əvvəl İsrail və Livan arasında qüvvəyə minən müvəqqəti atəşkəsin müddətinin uzadıldığını açıqlamışdı.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, mart ayından bu yana davam edən hücumlarda təxminən 2 min 900 nəfər həyatını itirib.
![]()
