“Politico”nun məlumatına görə, Papa XIV Leo süni intellekt sahəsində Katolik Kilsəsinin fəaliyyətini əlaqələndirmək məqsədilə yeni Vatikan komissiyası yaratmağı planlaşdırır.
Məlumata əsasən, bu addım Papanın süni intellektlə bağlı etik yanaşmanı prioritet hesab edəcəyi gözlənilən ilk ensiklikdən (pastoral məktubdan) əvvəl atılıb.
Vatikan şənbə günü açıqlayıb ki, Papa süni intellektin sürətlə artan istifadəsi, onun “fərdlərə və bütün bəşəriyyətə potensial təsiri”, eləcə də kilsənin insan ləyaqətinin qorunmasına verdiyi önəm səbəbindən belə bir komissiyanın yaradılması barədə qərar qəbul edib.
Bu açıqlama Papa XIV Leonun yepiskoplara ünvanladığı və əxlaqi məsələlərə dair təlimat və tövsiyələrin yer aldığı məktubu imzalamasından bir gün sonra verilib.
Bildirilir ki, yaxın həftələrdə dərc olunması gözlənilən yeni ensiklikdə süni intellekt məsələsinə Katolik Kilsəsinin sosial təlimi çərçivəsində toxunulacaq. Həmin təlim iş, ədalət və sülh kimi mövzuları da əhatə edir.
Bu, Papa XIV Leonun süni intellekt mövzusuna ilk dəfə münasibət bildirməsi deyil. O, 2025-ci ilin may ayında papa seçildikdən bir neçə gün sonra kardinallarla görüşündə Katolik Kilsəsinin süni intellektin “insan ləyaqəti, ədalət və əmək” sahələrində yaratdığı çağırışlara qarşı öz sosial təlimlərini təqdim etməli olduğunu bildirmişdi.
Ötən ilin iyun ayında isə Papa süni intellektin sürətlə yayılmasının mümkün mənfi nəticələrinə diqqət çəkmişdi. O, texnologiyanın faydalı potensialını qeyd etməklə yanaşı, onun “eqoist məqsədlər üçün sui-istifadə olunması” və “münaqişə ilə təcavüzü təşviq edən vasitəyə çevrilməsi” risklərinin də mövcud olduğunu vurğulamışdı.
Katolik Kilsəsinin rəhbəri bildirib:
“Əminəm ki, hamımız uşaqlar və gənclər, eləcə də süni intellektin onların zehni və nevroloji inkişafına mümkün təsiri ilə bağlı narahatıq. Gənclərimizin yetkinliyə və həqiqi məsuliyyətə gedən yolda qarşısını almaq deyil, onlara kömək etmək lazımdır”.
İzmedia.az
![]()

