“Formula-1” əfsanəsinin EVİNƏ BASQIN EDİLİB – Başından xəsarət alıb

Nərmin
1 Min Read

“Formula-1″in dördqat çempionu, fransalı Alen Prost İsveçrənin Nion şəhərindəki evinə basqın zamanı başından xəsarət alıb.

izmedia.az “Blick” nəşrinə istinadən xəbər verir ki, quldur hücumu mayın 19-da səhər saatlarında baş verib.

Maska taxmış naməlum şəxslər avtopilotun evinə soxulublar, yaranan əlbəyaxa dava zamanı o, kəllə-beyin travması alıb. Prostun oğlu zorakılıq hədəsi altında ailəyə məxsus seyfi açmağa məcbur edilib. Konkret nələrin oğurlandığı barədə hələlik heç bir məlumat verilmir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən genişmiqyaslı araşdırma aparılır. Cinayətkarların xaricə qaça biləcəyi ehtimal edildiyi üçün işə Fransa polisi də cəlb olunub.

Xatırladaq ki, Prost “Formula-1” üzrə on üç çempionatın iştirakçısı, dördqat dünya çempionu (1985, 1986, 1989, 1993) və turnirin dördqat vitse-çempionudur. Avtopilot karyerasını başa vurduqdan sonra o, 1997-2001-ci illərdə fəaliyyət göstərən, lakin elə də ciddi uğur qazana bilməyən özünün “Prost Grand Prix” komandasını yaratmışdı.

Alen Prost bütün tarix boyu “Formula-1″in ən yaxşı pilotlarından biri hesab olunur. Özünün səliqəli idarəetmə tərzi və dəqiq hesablanmış yarış strategiyasına görə o, idman dünyasında “Professor” ləqəbini qazanıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş