ABŞ hərbi rəhbərliyindən kritik bəyanat: “Aya qədər olan məsafədə döyüşə hazır olmalıyıq”

2 Min Read
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn (Dan Caine) Vaşinqton yaxınlığında keçirilən “Səma, Kosmos və Kibernetika” konfransında çıxış edərkən hərbi əməliyyatların coğrafiyasının kəskin genişləndiyini bildirib. “The Guardian” nəşrinin məlumatına görə, amerikalı general ordunun yalnız Yer orbitində deyil, dəniz dibindən Ay səthinə (sislyunar məkan) qədər olan bütün ərazidə qarşıdurmalara və döyüşməyə hazır olmalı olduğunu vurğulayıb.
ABŞ Kosmik Qüvvələrinin Döyüş Komandanlığının rəisi general-leytenant Qreqori Qaqnon da analoji mövqe nümayiş etdirərək, bəşəriyyətin dərin kosmosa doğru mənimsəmə prosesi fonunda hərbi qurumun əsas vəzifəsinin ABŞ-ın milli maraqlarını qorumaq olduğunu qeyd edib.
Orbitdə silahlanma və Çin amili
Bu açıqlamalar ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meynin (Troy Meink) kosmosda təhlükəsizliyi və nəzarəti təmin etmək üçün orbitdə artıq silahların yerləşdirildiyini ilk dəfə rəsmən etiraf etməsindən bir neçə gün sonraya təsadüf edir. Qaqnon kəşfiyyat məlumatlarına istinadən bildirib ki, xüsusilə Çin kosmik imkanlarını sürətlə artırır və 2024-cü ildə öz hərbi kosmik qüvvələrini formalaşdıraraq potensial böhranları idarə etmək qabiliyyətini gücləndirib.
Pekin isə Vaşinqtonun bu addımlarına kəskin reaksiya verib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun (Guo Jiakun) ölkəsinin kosmosun militarizasiyasına qarşı olduğunu bəyan edərək, ABŞ-ı kosmik fəzada hərbi hazırlıqları dayandırmağa və kosmosdan yalnız dinc məqsədlərlə istifadə etməyə çağırıb.
Xüsusi status və kadr artımı
ABŞ və Çinin də imzaladığı 1967-ci il “Kosmos haqqında Beynəlxalq Müqavilə” səma cisimlərinin yalnız dinc məqsədlərlə istifadəsini və kosmosda kütləvi qırğın (o cümlədən nüvə) silahlarının yerləşdirilməsini qadağan etsə də, konvensional (adi) silahların orbitə çıxarılması ilə bağlı hüquqi boşluqlar qalmaqdadır.
Yaranan yeni reallıqlar fonunda Qaqnon ABŞ Kosmik Qüvvələrinin yaxın 5 il ərzində şəxsi heyətinin sayını ikiqat artıraraq 25.000 hərbçiyə çatdıracağını, yeni kadrların böyük hissəsinin məhz Döyüş Qüvvələri Komandanlığına cəlb olunacağını diqqətə çatdırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş