“Financial Times” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Vyetnam hakimiyyəti ABŞ prezidenti Donald Trampa məxsus şirkətin inşa edəcəyi qolf meydançası və lüks yaşayış kompleksi üçün ölkənin şimalındakı qəbiristanlığın sökülməsini planlaşdırır.
Qəzetin məlumatına əsasən, “Trump Organization” və onun yerli tərəfdaşları qəbiristanlığın yerləşdiyi Hınqyen əyalətində 1,5 milyard dollar dəyərində iri layihə həyata keçirmək niyyətindədirlər.
Bildirilir ki, layihə Hanoy və Vaşinqton arasındakı münasibətlər baxımından simvolik əhəmiyyət daşıyır. Qəzetin qeyd etdiyinə görə, 2025-ci ilin may ayında keçirilmiş təməlqoyma mərasimində həmin dövrdə Vyetnamın Baş naziri olan Fam Min Çin qolf meydançasının “Vyetnam–ABŞ münasibətlərinin gücləndirilməsi və xarici investorların, xüsusilə ABŞ investorlarının etimadının artırılması üçün vacib olduğunu” bildirib.
Layihənin ilkin olaraq 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılırdı. Lakin vəziyyətlə tanış olan mənbələrin sözlərinə görə, torpaq mübahisələri layihənin icrasını gecikdirib. Qəzetin apardığı araşdırmaya əsasən, tikintidən təsirlənən təxminən 4 min sakin ya torpaqlarını təhvil verməkdən imtina edir, ya da hökumətdən daha yüksək məbləğdə kompensasiya tələb edir.
2025-ci ilin may ayında “Reuters” agentliyi də mənbəyə istinadən xəbər vermişdi ki, “Trump Organization” vyetnamlı tərəfdaşları ilə birlikdə 2026-cı ildə Ho Şi Min şəhərində göydələn tikintisinə başlaya bilər. Məlumata görə, 60 mərtəbədən çox olacaq binaya yatırılacaq investisiya 1 milyard dolları keçəcək.
Hazırda təsdiq mərhələsində olan layihə təsdiqlənərsə, göydələn şəhərin biznes mərkəzində inşa ediləcək. Həmin ərazidə gələcəkdə beynəlxalq maliyyə mərkəzinin yaradılması da nəzərdə tutulur.
İzmedia.az
![]()

