Seulda humanoid robotlar insan modellərlə birlikdə podiuma çıxıb

2 Min Read

Cənubi Koreyanın paytaxtı Seulda dizayner geyimləri geyinmiş humanoid robotların insan modellərlə birlikdə podiumda yer aldığı moda nümayişi keçirilib. “Mach33: Physical AI Fashion Show” adlı tədbir Cənubi Koreyanın Galaxy Corporation şirkəti tərəfindən təşkil olunub.

Reuters agentliyinin məlumatına görə, şounun əsas konsepsiyası insanlar və robotlar arasında gündəlik həyatda birgəyaşayış ideyası üzərində qurulub. Robotlar və modellər podiuma uyğunlaşdırılmış obrazlarla çıxaraq sinxron hərəkətlər nümayiş etdirib və birlikdə pozalar veriblər.

Tədbir Seuldakı Galaxy Robot Park kompleksində keçirilib. Robototexnika, süni intellekt və pop-mədəniyyət elementlərini bir araya gətirən bu məkan şou üçün xüsusi olaraq seçilib. Təşkilatçılar layihəni robotların yalnız texniki vasitə deyil, həm də mədəni mühitin fəal iştirakçısı kimi təqdim olunduğu “fiziki süni intellekt” konsepsiyasının nümayişi kimi xarakterizə ediblər.

Galaxy Corporation süni intellekt texnologiyalarını əyləncə sənayesi ilə birləşdirərək “əyləncə texnologiyaları” istiqamətini fəal şəkildə inkişaf etdirir. Şirkət moda nümayişləri ilə yanaşı, robot konsertləri və müxtəlif interaktiv şoular da təşkil etməyi planlaşdırır.

Cənubi Koreya sənaye robotlarının sıxlığı baxımından dünyanın lider ölkələrindən biridir və humanoid robot texnologiyalarının inkişafına ciddi investisiyalar yatırır. Bununla belə, hərəkət və koordinasiya sahəsində əldə olunan irəliləyişlərə baxmayaraq, mühəndislər hələ də robotların muxtariyyəti, obyektlərlə manipulyasiya bacarığı və insanlarla qarşılıqlı əlaqəsi sahəsində müəyyən məhdudiyyətlərlə üzləşirlər.

Mütəxəssislərin fikrincə, bu cür tədbirlər robototexnikanın yalnız sənaye sahəsində deyil, mədəniyyət və əyləncə sektorunda da geniş tətbiq olunmağa başladığını göstərir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş