Talos şirkəti karbon kuzovlu və 540 at gücünə malik xüsusi Porsche 911 RT-ni təqdim edib

2 Min Read

Britaniyanın “Talos” şirkəti Porsche 911 GT3 RS-in (992.2 nəsil) dərin modifikasiya edilmiş versiyası olan Talos 911 RT layihəsini təqdim edib. Motorious-un məlumatına görə, layihə restomod formatında hazırlanıb və avtomobilin yüngüllüyü, artırılmış gücü və yüksək yol performansı ön plana çıxarılıb.

Porsche 911 GT3 RS artıq seriya istehsalı olan ən yüksək trek qabiliyyətli idman avtomobillərindən biri hesab edilsə də, Talos kuzovun və şassinin əsas elementlərini yenidən işləyərək onun texniki göstəricilərini daha da təkmilləşdirib.

Əsas yeniliklərdən biri tamamilə karbon lifindən hazırlanan kuzov olub. Boya və dekorativ elementlərdən istifadə edilməyən kuzov açıq karbon strukturu ilə seçilir. Şirkətin məlumatına görə, bu dəyişiklik avtomobilin çəkisini təxminən 80 kiloqram azaltmağa imkan verib. Dizaynda Porsche 911 R modelindən ilhamlanan elementlərdən, eləcə də minimalist yanaşmadan istifadə olunub.

Avtomobil müxtəlif yol və sürüş şəraitinə uyğunlaşdırıla bilən, hətta mobil tətbiq vasitəsilə idarə olunan təkmilləşdirilmiş Ohlins TTX asqı sistemi ilə təchiz edilib.

Mühərrikin gücü 500 at gücündən 540 at gücünə çatdırılıb. Şirkət texniki dəyişikliklərin detalları barədə məlumat verməsə də, daha rahat və idarəolunan güc ötürülməsinin təmin edildiyini bildirib.

Talos 911 RT cəmi 20 nüsxədən ibarət məhdud seriya şəklində istehsal olunacaq. Hər bir avtomobil fərdi sifariş əsasında unikal konfiqurasiyada hazırlanacaq.

Əsas avtomobilin qiyməti nəzərə alınmadan konvertasiya paketinin dəyəri təxminən 1,15 milyon ABŞ dollarından başlayır. Bu isə layihənin ümumi qiymətini təxminən 1,5 milyon ABŞ dollarına çatdıra bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş