Filippində güclü zəlzələ: 12 nəfər ölüb, 200-dən çox insan yaralanıb

1 Min Read

 

“Associated Press” agentliyinin rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Filippinin cənub sahillərində 7,8 bal gücündə güclü zəlzələ baş verib. Nəticədə azı 12 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

Mindanao adasının şimal və mərkəzi hissələrində məktəblər, xəstəxanalar və yaşayış evləri də daxil olmaqla ən azı 37 binaya ziyan dəyib. Zərər çəkmiş ərazilərdə dəymiş ziyanın qiymətləndirilməsi davam edir. Polis əməkdaşları isə əhaliyə yardım göstərilməsi işlərinə cəlb olunub.

Filippin Prezidenti Ferdinand Markos Mindanao adasının bir neçə bölgəsində yerləşən təhsil müəssisələrində dərslərin müvəqqəti dayandırılması barədə göstəriş verib.

Zəlzələ General Santos şəhərində bəzi binaların uçmasına səbəb olub, adanın bir sıra ərazilərində isə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Güclü yeraltı təkanlar bazar ertəsi yerli vaxtla saat 07:38-də Mindanao adasının sahillərində qeydə alınıb. Avropalı seysmoloqlar əvvəlcə zəlzələnin maqnitudasını 8,1 olaraq qiymətləndirsələr də, sonradan bu göstərici 7,8-ə endirilib. Çin Zəlzələ Şəbəkələri Mərkəzi isə əvvəlcə 8,2 maqnitudalı zəlzələ barədə məlumat versə də, daha sonra göstəricini 7,9 olaraq dəqiqləşdirib.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.

“Euronews” hadisə ilə bağlı video görüntülər paylaşıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş