Honkonqda humanoid robot tərəfindən idarə olunan ilk 24 saat fəaliyyət göstərəcək köşkün açılması planlaşdırılır. Bu barədə şəhərin maliyyə katibi (naziri) Pol Çan öz bloqunda məlumat verib.
O bildirib ki, bu addım Honkonqun süni intellekti gündəlik həyata inteqrasiya etmək istiqamətində səylərinin göstəricisidir.
Köşk Honkonqun Hunq Hom rayonunda, sahilboyu gəzinti məkanında yerləşəcək. Burada fəaliyyət göstərəcək humanoid robot yerli sakinlərə və turistlərə müxtəlif dillərdə xidmət göstərəcək.
“Mağazada sutkanın 24 saatı, həftənin 7 günü çoxdilli müştəri xidməti təqdim edəcək robot çalışacaq. Robotların Honkonq mağazalarında istifadəsinin artması süni intellektin vətəndaşların gündəlik həyatına daha sürətlə inteqrasiya olunduğunu göstərən bir tendensiyadır”, – deyə Pol Çan qeyd edib.
Maliyyə katibi vurğulayıb ki, şəhər hökuməti süni intellekt texnologiyalarının tətbiqini sürətləndirmək niyyətindədir. Bu məqsədlə Honkonqda süni intellekt və onun inkişaf strategiyası üzrə xüsusi komitə yaradılıb. Komitənin ilk iclasının bu ay keçirilməsi planlaşdırılır.
Komitənin tərkibinə süni intellekt sahəsində çalışan mütəxəssislər, alimlər və sənaye nümayəndələri daxildir. Pol Çanın sözlərinə görə, qurum süni intellektin tətbiqi imkanlarını və onun ictimai həyatın müxtəlif sahələrində istifadəsi ilə bağlı strategiyaları araşdıracaq.
İzmedia.az
![]()

