BBC: Liviyada yüzlərlə miqrant qaçırılıb və fidyə müqabilində saxlanılıb

1 Min Read

 

Ötən yay Böyük Britaniyaya getməyə çalışan 300-dən çox miqrant Liviyada qaçırılıb, işgəncələrə məruz qalıb və orqanlarının məcburi şəkildə çıxarılması ilə hədələnib.

Bu barədə BBC-nin araşdırmasında məlumat verilib.

Məlumata görə, İraq Kürdüstanından olan gənclər Liviyada silahlı qruplaşmalar tərəfindən əsir götürülüblər. Onların ailələrindən hər nəfər üçün 5 min ABŞ dolları məbləğində fidyə tələb olunub. Bildirilib ki, tələb olunan vəsait vaxtında ödənilmədiyi təqdirdə girovların böyrəklərinin çıxarılacağı ilə hədələniblər.

Araşdırmada qeyd olunur ki, silahlı qruplaşma miqrantları Liviyadan Aralıq dənizi sahillərinə çatdırmalı idi. Lakin səfəri təşkil edən İraq kürdüstanlı insan alverçisi Noah Aaron ilə ödəniş məsələsində yaranan mübahisə vəziyyətin gərginləşməsinə səbəb olub.

Hazırda Noah Aaron Fransada çirkli pulların yuyulması və insan qaçaqmalçılığı ittihamları ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

BBC-nin məlumatına görə, qaçırılma hadisələrinin təfərrüatları ötən ay saxlanılan digər insan alverçisi Kardi Jaffa ilə bağlı aparılan araşdırma zamanı üzə çıxıb. Bildirilir ki, Aaron və Jaffa əvvəllər birlikdə fəaliyyət göstəriblər.

Hər iki şəxsin İraq Kürdüstanının Ranya şəhərindən olduğu qeyd edilir. Böyük Britaniyanın Chatham House analitik mərkəzinin hesabatında isə bu bölgənin insan qaçaqmalçılığı ilə məşğul olan aktiv şəbəkələrin fəaliyyət göstərdiyi ərazilərdən biri olduğu vurğulanır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş