Çin Prezidenti Si Cinpin iyunun 10-da Şimali Koreya lideri Kim Çen Ina ünvanladığı təşəkkür məktubunda Çin–Şimali Koreya münasibətlərinin yeni mərhələyə daxil olduğunu bəyan edib.
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı məlumata görə, Si Cinpin teleqramında bildirib: “Səfərin uğurlu nəticəsindən məmnunam. Çin–Koreya münasibətləri artıq yeni tarixi mərhələyə qədəm qoyub”.
Məktubda qeyd olunub ki, iki ölkə liderlərinin görüşü zamanı Çin və Şimali Koreya arasındakı münasibətlərə yeni məzmun qazandıran mühüm razılaşmalar əldə edilib. Bu razılaşmalar tərəflərin ənənəvi dostluğu möhkəmləndirmək, birgə inkişaf və rifahı təşviq etmək, həm regionda, həm də dünyada sülh və sabitliyi dəstəkləmək əzmini nümayiş etdirib.
Si Cinpin Çin nümayəndə heyətinə göstərilən səmimi qəbula görə Kim Çen Ina, eləcə də Koreya Xalq Demokratik Respublikasının partiyasına, hökumətinə və xalqına təşəkkür edib.
Çin lideri həmçinin Kim Çen Inla yenidən görüşmək imkanına ümid etdiyini vurğulayıb və iki ölkə arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edərək möhkəmlənəcəyini bildirib.
İzmedia.az
![]()

