İspaniyanın “El Pais” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, Avropa İttifaqında xarici siyasətə nəzarət uğrunda ciddi rəqabət yaranıb. Bildirilir ki, Aİ-nin xarici siyasət rəhbəri Kaia Kallas və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə qarşı tənqidlər güclənir.
Mənbələr Brüsseldəki bu qarşıdurmanı “Taxt Oyunları”na bənzədərək, tərəflər arasında mübarizənin daha da kəskinləşdiyini vurğulayırlar.
Qeyd olunur ki, Kallas Ukrayna məsələsinə həddindən artıq diqqət ayırmaqda, Yaxın Şərqdəki proseslərə isə kifayət qədər önəm verməməkdə ittiham edilir.
Eyni zamanda, fon der Leyen də Aİ-nin xarici siyasətinə təsir imkanlarını genişləndirməyə çalışdığı üçün tənqid olunur. “Euronews”un məlumatına görə, Aİ diplomatik xidməti ilə Avropa Komissiyası arasında gərginlik artmaqdadır.
“Financial Times” isə yazır ki, Kallasın bəzi səlahiyyətlərinin məhdudlaşdırılması məsələsi Paris, Berlin və digər Avropa paytaxtlarında müzakirə olunur.
İzmedia.az
![]()

