Avropa İttifaqı liderləri Brüsseldə keçirilən sammitdə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini ilk dəfə bir il uzatmaq barədə razılığa gəliblər.
İndiyədək Rusiyanın ayrı-ayrı iqtisadi sektorlarına tətbiq edilən məhdudiyyətlər Aİ-nin 27 üzv dövlətinin yekdil qərarı ilə hər altı aydan bir yenilənirdi. Yeni qərarın Ukrayna üçün daha çox sabitlik və proqnozlaşdırma yaratmaq məqsədi daşıdığı bildirilir.
Fərdi sanksiyalar isə əvvəlki qaydada hər altı aydan bir yenidən nəzərdən keçiriləcək.
Aİ Rusiyaya qarşı ilk sanksiyaları 2014-cü ilin martında Krımın ilhaqından sonra tətbiq etməyə başlayıb. Ukraynaya qarşı genişmiqyaslı müharibədən sonra isə məhdudiyyətlər daha da sərtləşdirilib.
Bu günədək Aİ Rusiyaya qarşı 20 sanksiya paketi qəbul edib. Avropa Komissiyası artıq 21-ci paket üzərində işləyir. Yeni paketin Rusiya banklarını, hərbi-sənaye kompleksini və “kölgə donanması” adlandırılan gəmiləri əhatə edəcəyi gözlənilir.
Eyni zamanda, Bolqarıstanın Baş naziri Rumen Radev ölkəsinin 21-ci sanksiya paketinə veto qoyacağını açıqlayıb. O, bu qərarı sanksiyaların ölkə iqtisadiyyatına mənfi təsiri ilə əsaslandırıb.
İzmedia.az
![]()

