Vaşinqton ştatındakı kütləvi yanğını törətməkdə şübhəli bilinən şəxs həbs edilib

2 Min Read

“CBS News” xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatının Spokan şəhərində baş verən üç böyük yanğından ən irisini törətməkdə şübhəli bilinən 37 yaşlı yerli sakin Aaron Farinaççi (Aaron Farinacci) həbs olunub.

Spokan Şəhər Şerif İdarəsinin məlumatına görə, Farinaççi “Old Trails” yanğını ilə əlaqədar birinci dərəcəli qəsdən yanğın törətməkdə ittiham olunur. Əvvəllər adam öldürməyə görə məhkumluq həyatı yaşamış həmin şəxs üçün 1 milyon dollar girov təyin edilib. Şerif Con Nouls bildirib ki, istintaq bir şahidin yanğın yerində quru otların üzərində diz çökmüş kişini görməsindən sonra başlayıb. Həbs edilərkən Farinaççinin üzərindən suya davamlı kibrit və alışqan tapılıb.

Spokan bölgəsini bürüyən yanğınlar səbəbindən 67 mindən çox sakin təxliyə edilib, 700-dən çox bina tamamilə məhv olub. Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson baş verənləri “Spokan tarixində ən böyük təbii fəlakət” adlandırıb.

Şiddətli quraqlıq, yüksək temperatur və güclü külək fonunda başlayan “Old Trails” və “Fairview” yanğınları hələ də davam edir. Yanğınsöndürənlər temperaturun artması ilə vəziyyətin daha da ağırlaşacağını proqnozlaşdırırlar. İyul ayının yağmursuz keçməsi və yaşayış məntəqələrinin quru meşəliklərlə həmsərhəd olması alovun söndürülməsini mürəkkəbləşdirir. Xoşbəxtlikdən, hələ ki insan tələfatı qeydə alınmayıb və itkin düşmüş hesab edilən 14 sakinin hamısı tapılıb.

Qeyd edək ki, bu mövsüm ABŞ-ın şimal-qərbi üçün son 30 ilin ən şiddətli yanğın dövrü hesab olunur və hazırda Vaşinqton ştatında eyni vaxtda ən azı 16 iri yanğın ocağı mövcuddur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş