Maks Plank Dinamika və Öz-özünə Təşkilatlanma İnstitutunun (MPI-DS) alimləri kümülüs (cumulus) buludlarında su damlalarının xüsusilə sıx yerləşdiyi əvvəllər məlum olmayan “qaynar nöqtələr” aşkar ediblər. PNAS jurnalında dərc olunan tədqiqata görə, yağışın əmələ gəlməsi üçün lazımi şərait məhz bu kiçik ərazilərdə yaranır.
Araşdırma xüsusi lazer və yüksək sürətli kameralarla təchiz olunmuş “CloudKite” aerostat platforması vasitəsilə aparılıb. Məlum olub ki, bulud daxilində damcılar bərabər yox, qeyri-müəyyən paylanır və 1 metr və ya daha kiçik lokal sahələrdə sıxlaşır. Tədqiqatın aparıcı müəllifi Birte Tidenin sözlərinə görə, bu sıx nöqtələrdə mikroskopik damcıların toqquşaraq birləşməsi və yağışa çevrilməsi ehtimalı dəfələrlə yüksəkdir.
Bu kəşf buludların daxili quruluşu haqqında ənənəvi təsəvvürləri dəyişməklə yanaşı, yağıntıların yaranma mexanizmini daha yaxşı anlamağa və hava proqnozlarının dəqiqliyini artırmağa imkan verəcək. Alimlər növbəti mərhələdə Amazoniya, Baltik dənizi və Finlandiyada yeni müşahidələr aparmağı planlaşdırırlar.
İzmedia.az
![]()

