Avstraliyalı təbiətşünas Robert İrvin Stiv İrvin Qoruğunda həyata keçirilən tədqiqat layihəsi çərçivəsində tutulan 3,7 metrlik duzlu su timsahına Şahzadə Uilyamın adını verdiyini açıqlayıb. Bu heyvan layihə çərçivəsində etiketlənən 300-cü timsah olaraq mühüm bir mərhələni təşkil edir.
Sosial media hesabında timsahı təqdim edən İrvin, vəhşi təbiətin qorunmasına verdiyi töhfələrə görə Britaniya taxtının varisinə təşəkkür əlaməti olaraq heyvana onun adını qoyduğunu bildirib: “Biz bu unikal müasir dinozavra Uels Şahzadəsi Əlahəzrətlərinin adını vermək istədik”.
Xüsusi vericilər vasitəsilə Şahzadə Uilyam adlı timsah növbəti 10 il ərzində izləniləcək. Alimlər onun qidalanmasını, suyun altında qalma müddətini və iqlim dəyişikliyinin onun bədən temperaturuna təsirini öyrənəcəklər. Heyvana bərkidilən akustik cihazlar yerləşmə məlumatlarını sahil boyunca olan qəbuledicilərə ötürəcək, digər sensorlar isə bir neçə ay ərzində dalış dərinliyini və suyun temperaturunu qeydə alacaq.
Qeyd edək ki, Robert İrvin Şahzadə Uilyam tərəfindən təsis edilən “Earthshot Mükafatı”nın səfiridir. Şahzadə ilə yaxın dostluq münasibətləri olan təbiətşünas, gələcək kralın sadə və səmimi insan olduğunu, hətta “Ulduzlarla Rəqs” şousunun məşqləri zamanı ona zəng edərək uğurlar arzuladığını zarafatla qeyd edib.
İzmedia.az
![]()

