ABŞ Prezidenti Donald Trampın qolf oynayarkən belə hava hücumundan müdafiə (HHM) sisteminin mühafizəsi altında olması diqqət çəkib. “Bild” qəzetinin yaydığı məlumata görə, dövlət başçısının olduğu məkandan cəmi bir neçə metr aralıda AN/TWQ-1 “Avenger” qısa mənzilli raket sisteminin quraşdırıldığını əks etdirən fotolar yayılıb. Bu sistemin idarə edilməsinə ondan çox hərbi qulluqçu cəlb olunub.
“Stinger” raketləri ilə təchiz edilən və birbaşa döyüş əməliyyatları üçün nəzərdə tutulan “Avenger” sisteminin qolf meydanında yerləşdirilməsi, Amerika mediasının təhlillərinə görə, potensial dron hücumlarının qarşısını almaq məqsədi daşıyır.
Təhlükəsizlik tədbirlərinin bu dərəcədə gücləndirilməsi Trampa qarşı əvvəllər törədilən sui-qəsd cəhdləri ilə bağlıdır. Belə ki, 2024-cü ilin iyulunda seçki kampaniyası zamanı baş verən silahlı hücum nəticəsində o, qulağından yaralanmış, daha sonra isə Floridadakı qolf meydançasında silahlı bir şəxs saxlanılmışdı. Digər tərəfdən, ABŞ-nin İrana qarşı son əməliyyatları fonunda rəsmi Vaşinqton Tehranın mümkün qisas addımlarından və terror planlarından ciddi narahatlıq keçirir.
İzmedia.az
![]()

