Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bildirib ki, pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə imkanlarının artırılması ölkə üçün daimi prioritete çevriləcək. Nazir Almaniyanın dron müdafiə sistemləri ilə onları üstələməyə çalışan qüvvələr arasında texnoloji “silahlanma yarışı” ilə üz-üzə qaldığını vurğulayıb.
Bu çərçivədə Federal Polisin yeni yaradılan anti-dron bölmələrinin heyətinin ilin sonunadək 70 nəfərdən 300 nəfərə çatdırılması planlaşdırılır.
Təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsinə avqustun 4-də Leypsiq/Halle hava limanında baş verən ciddi insident səbəb olub. Belə ki, qorunan ərazidə Ukrayna yük təyyarələrinin yaxınlığında partlayıcı maddə və detonatorla təchiz edilmiş dron aşkar olunub. Baş Prokurorluq hadisəni ölkənin logistika infrastrukturuna təhdid kimi qiymətləndirib. Bəzi siyasətçilər hücum cəhdində Rusiyanı günahlandırsa da, daxili işlər naziri istintaqın yekunlaşmasını gözləməyin vacib olduğunu bildirib.
İzmedia.az
![]()

